Keçmiş arvadına məxsus “KİA Sorento” markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub.
1xeber.media xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib.
Məlum olub ki, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum edilmiş şəxs sintetik tiner məhlulu alaraq 12 il əvvəl boşandığı qadının avtomobilinin yanına gəlib. O, məhlulu Bakı-Şamaxı yolunun Abşeron rayonu 28 May qəsəbəsindən keçən hissəsində dəyəri 32 min manat olan avtomobilin üzərinə tökərək od vurub. Nəticədə, qadına 6470 manat zərər dəyib.
Zərərçəkmiş şəxs məhkəmədə bildirib ki, eks-əri ondan tez-tez pul tələb edib: “2008-ci ildə Səfa ilə evlənmişəm, 2010-cu ildə qızımız dünyaya gəlib. 2014-cü ildə boşandıq və uşaq mənim himayəmdə qaldı. Səfa bu günə qədər aliment ödəməyib. Buna baxmayaraq, məndən mütəmadi olaraq spirtli içki üçün pul istəyir. Mən də hər dəfə xahişini nəzərə alıb, Səfaya 2-3 manat civarında pul verirdim.
Hadisə günü keçmiş həyat yoldaşım yenə zəng edib pul istədi, bu dəfə imtina etdim. Mənə dedi ki, bu səbəbdən avtomobilimi yandıracaq. Mən də qorxumdan maşını Bakı-Şamaxı yolunun kənarında - mühafizə olunan yerdə saxladım. Saat 18 radələrində yol avtomobili ilə yaşadığım evə gəldim. Gecə saat 11 radələrində mənə zəng edib dedilər ki, maşının yanır”.
Məhkəmənin hökmü ilə Səfa Seyidova 3 il 8 ay həbs cəzası verilib. O, bu dəfə ciddi rejimli müəssisəyə göndərilib.

















