Azərbaycanda tələbələrin sosial müdafiəsi və onlara nəqliyyat xidmətlərində güzəştlərin tətbiqi məsələsi hər zaman ictimaiyyətin diqqət mərkəzində olub. Hazırda müzakirələr əsasən Bakı daxilində metro və avtobus tarifləri ətrafında aparılsa da, problemin miqyası bundan qat-qat genişdir. Çünki tələbələrin böyük əksəriyyəti hər gün dərsə gedib-gələrkən ciddi nəqliyyat xərcləri ilə üzləşir və bu, aylıq tələbə büdcəsində kifayət qədər ağır yükə çevrilir. Lakin məsələ yalnız şəhərdaxili gediş-gəlişlə məhdudlaşmır.
Ölkədə regionlardan paytaxta və digər iri şəhərlərə təhsil almağa gələn minlərlə tələbə var. Onların ailələri fərqli rayonlarda yaşayır və gənclər il ərzində dəfələrlə şəhərlərarası səfərlər etməli olurlar. Beynəlxalq təcrübə də göstərir ki, məsələn, Türkiyədə və dünyanın bir çox inkişaf etmiş ölkələrində tələbə statusu sadəcə universitetdə oxuduğunu təsdiqləyən sənəd deyil, eyni zamanda geniş sosial imtiyazlar verən statusdur. Orada şəhərdaxili ictimai nəqliyyatla yanaşı, müxtəlif sosial, mədəni və nəqliyyat xidmətlərində xüsusi endirimlər tətbiq olunur. Azərbaycanda da tələbə güzəştlərinin təkcə avtobus və metro ilə məhdudlaşmayaraq, ölkədaxili avtobus və dəmir yolu reyslərinə, hətta imkan daxilində daxili hava xətlərinə də şamil edilməsi region gəncləri və onların ailələri üçün real və böyük dəstək olar.
Məsələ ilə bağlı nocomment.az-a açıqlama verən təhsil eksperti Fuad Hacıyev bildirib ki, tələbələr üçün nəqliyyat güzəştləri məsələsinə daha kompleks və sistemli şəkildə yanaşılmalıdır:
Tələbələrin gündəlik xərclərində nəqliyyat xərcləri əsas yer tutur. Əlbəttə ki, şəhərdaxili ictimai nəqliyyatda tələbələr üçün ayrıca və daha münasib tariflərin tətbiqi vacibdir, lakin biz bununla kifayətlənməməliyik. Azərbaycanda rayonlardan gələn minlərlə tələbə təhsil alır və onlar bayramlarda, tətillərdə evlərinə gedərkən şəhərlərarası nəqliyyatda ciddi xərclərlə qarşılaşırlar. Ona görə də tələbə güzəştləri ölkədaxili qatarlara və avtobuslara da şamil olunmalıdır".
Onun sözlərinə görə, bu mexanizmi tətbiq etmək üçün vahid tələbə kartı sisteminin yaradılması həm nəzarəti asanlaşdırar, həm də sui-istifadə hallarının qarşısını alar:
"Vahid rəqəmsal tələbə kartı vasitəsilə gənclər həm metroda, həm avtobusda, həm də dəmir yolu nəqliyyatında güzəştlərdən yararlana bilərlər. Burada əsas məqsəd sadəcə bileti bir qədər ucuzlaşdırmaq deyil, tələbəyə verilən sosial dəstəyin mahiyyətini artırmaq, onun təhsil dövründə üzərinə düşən yükü azaltmaq və elmə, təhsilə çıxışını daha rahat etməkdir. Geniş sosial paket şəklində tətbiq olunan belə bir sistem cəmiyyətimiz və gənclərimiz üçün böyük bir yenilik olar".
















