Son vaxtlar bəzi televiziya materiallarında dövlət qurumlarının fəaliyyəti ilə bağlı məsələlərin təqdimatında diqqətçəkən bir problem görünür: hadisənin yalnız bir tərəfi dinlənilir, bir neçə şəxsin narazılığı ümumiləşdirilərək bütöv rayonun, şəhərin və ya sahənin problemi kimi təqdim olunur, aidiyyəti qurumun mövqeyi isə ya ümumiyyətlə öyrənilmir, ya da materialın sonunda bir-iki cümlə ilə formal şəkildə verilir.
Halbuki jurnalistikanın əsas missiyası kimisə ittiham etmək deyil, həqiqəti bütün tərəfləri ilə ortaya qoymaqdır.
Məsələn, hansısa dövlət qurumunun fəaliyyəti ilə bağlı problem araşdırılırsa, jurnalist ilk növbədə faktı dəqiqləşdirməli, problemin miqyasını müəyyən etməli, aidiyyəti qurumun mövqeyini öyrənməli, mümkündürsə sənədlərə və digər mənbələrə müraciət etməlidir. Bir neçə şəxsin söylədiyi fikir avtomatik olaraq ümumi vəziyyətin göstəricisinə çevrilməməlidir.
Çünki televiziyanın auditoriyası böyükdür. Efirə çıxan hər süjet ictimai rəyə təsir edir. Ona görə də emosional görüntü və kəskin başlıq faktın özünü əvəz etməməlidir.
Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinin 1.1-ci maddəsində açıq şəkildə bildirilir ki, “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.” 1.2-ci maddə isə jurnalistin tənqid obyektinin mövqeyini öyrənib bildirməsini və plüralizm prinsipinə əməl etməsini tələb edir.
Deməli, dövlət qurumunu tənqid etmək jurnalistin haqqıdır. Amma tənqid etmək başqa şeydir, hökm vermək başqa.
Peşəkar jurnalistika tərəf tutmur — faktı araşdırır, tərəfləri dinləyir və qərarı tamaşaçının öhdəsinə buraxır.
Əsl obyektivlik də məhz budur.
Nicat Dağlar

















