Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini
idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq
Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət
nümayəndə heyətini qəbul edib. Görüşdəki çıxışında
Prezident İlham Əliyevin Avropa institutlarının Azərbaycana münasibəti ilə bağlı fikirlər
səsləndirib. Onun sözlərinə görə, əsas problem bəzi Avropa institutlarının elan etdikləri
universal prinsiplərlə Azərbaycana münasibətdə nümayiş etdirdikləri siyasi davranış arasında
yaranmış ziddiyyətdir. Avropa siyasi məkanında dövlətlərin suverenliyi, ərazi bütövlüyü, insan
hüquqları və qanunun aliliyi fundamental dəyərlər kimi təqdim olunur. Prezident İlham Əliyevin
çıxışından irəli gələn əsas sual budur: əgər bu prinsiplər universaldırsa, nə üçün Azərbaycanın
ərazi bütövlüyünün pozulduğu uzun illər ərzində onların tətbiqində eyni prinsipiallığı
görmədik?”
Azərbaycan ərazilərinin işğalı həm BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884
saylı qətnamələrində Azərbaycanın ərazisinin əhəmiyyətli hissələrinin işğal altında olduğu
göstərilirdi. Buna görə də problem məlumatın olmamasında deyil, məlum faktların adekvat
siyasi nəticəyə çevrilməməsində idi.
Azərbaycanın Avropa institutlarına münasibətdə əsas məyusluğu da buradan yaranır.
Azərbaycanın ərazi bütövlüyü sənədlərdə tanınırdı, lakin həmin prinsipin praktik təminatı üçün
eyni siyasi qətiyyət nümayiş etdirilmirdi. 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa
etdikdən cəmi dörd ay sonra AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini
təsdiqləməməsi isə bu ziddiyyəti daha aydın göstərdi.
Məsələ yalnız ayrı-ayrı qətnamələrdən ibarət deyil, beynəlxalq institutlara etimadla
bağlıdır. Beynəlxalq institutun ən mühüm kapitalı etimaddır. Dövlətlər və cəmiyyətlər əmin
olmalıdırlar ki, eyni prinsip siyasi simpatiyalardan asılı olmayaraq oxşar vəziyyətlərə eyni
şəkildə tətbiq edilir. Əgər insan hüquqları universaldırsa, öz yurdundan didərgin salınmış
azərbaycanlının hüquqları da eyni dərəcədə müdafiə edilməli idi. Əgər suverenlik fundamental
prinsipdirsə, Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış ərazisində suverenliyini təmin
etməsi də həmin prinsip əsasında qiymətləndirilməlidir.
Başqa dövlətlərdən şəffaflıq, hesabatlılıq və siyasi etika tələb edən qurum həmin
standartların ilk növbədə öz daxilində işləməsini təmin etməlidir. Eyni yanaşma islamofobiyaya
da aiddir. Avropa insan ləyaqəti, dini azadlıq və ayrı-seçkiliyə qarşı mübarizəni universal dəyər
hesab edirsə, müsəlmanlara və onların dini dəyərlərinə münasibətdə də bu prinsiplər
istisnasız tətbiq olunmalıdır.
Azərbaycanın bəzi Avropa institutlarına yönəltdiyi tənqid Avropa ilə qarşıdurma kimi
qiymətləndirilməməlidir. Azərbaycan Avropadan xüsusi münasibət və ya güzəşt istəmir.
Azərbaycan bərabər münasibət istəyir. Ölkəmiz Avropa ilə enerji, nəqliyyat, iqtisadiyyat, iqlim
və digər sahələrdə əməkdaşlığını davam etdirir, eyni zamanda Türk dünyası, İslam aləmi ilə
əlaqələrini genişləndirir. Azərbaycan artıq beynəlxalq münasibətlərdə öz milli maraqlarını və
müstəqil mövqeyini ardıcıl müdafiə edən dövlətdir. Avropa institutları ilə sağlam münasibətlərin
yolu da qarşılıqlı hörmətdən və seçici yanaşmalardan imtinadan keçir. Beynəlxalq hüquq
universaldırsa, onun Azərbaycana tətbiqində də istisnalar olmamalıdır.
Əlioğlan Əşrəfli,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru

















