Prezident İlham Əliyevin sentyabrın 15-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) və müsəlman dini qurumlarının nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər Qarabağ məsələsinə yalnız keçmiş müharibənin nəticəsi kimi deyil, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün bərpası kimi yanaşmaslnı bir daha ortaya qoydu.
Prezidentin çıxışında diqqət çəkən əsas məqam da məhz budur: Azərbaycan uzun illər diplomatik danışıqların nəticəsini gözlədikdən sonra öz ərazi bütövlüyünü hərbi-siyasi imkanları hesabına bərpa etdi.
İlham Əliyevin sözləri ilə desək, "Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı". Bu ifadə çıxışın siyasi mahiyyətini kifayət qədər aydın göstərir. Burada söhbət yalnız hərbi qələbədən getmir. Söhbət ondan gedir ki, illərlə kağız üzərində təsdiqlənən hüquqi mövqe nəhayət real vəziyyətə çevrildi.
Qarabağ münaqişəsinin ən mühüm tərəflərindən biri ondan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi beynəlxalq sənədlərdə uzun müddət öz əksini tapmışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərindən erməni qüvvələrinin çıxarılması tələb olunurdu. Həmin sənədlər münaqişənin danışıqlar yolu ilə həllini də nəzərdə tuturdu.
Lakin qətnamənin qəbul edilməsi ilə onun icrası arasında böyük fərq yarandı. Azərbaycan illər boyu danışıqlar masasında qaldı, ATƏT-in Minsk qrupu çərçivəsində müxtəlif təkliflər müzakirə edildi. Hətta Minsk qrupunun əsas prinsipləri sırasında ərazi bütövlüyü, qüvvədən istifadə etməmək və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılması kimi müddəalar da var idi.
Ancaq nəticə etibarilə işğal uzun illər davam etdi.
Prezidentin “30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir” sözləri məhz bu reallığa siyasi qiymətdir.
Burada Azərbaycanın mövqeyinin əsas məğzi aydın görünür: beynəlxalq hüquq Azərbaycanın hüququnu tanıyırdı, amma həmin hüququn həyata keçirilməsi üçün beynəlxalq mexanizmlər kifayət etmədi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünün bərpası məsələsində əsas yükü öz üzərinə götürdü.
Qarabağ məsələsində 2020-ci il müharibəsi və sonrakı hadisələr Azərbaycanın illərlə irəli sürdüyü tələbin faktiki nəticəyə çevrilməsi ilə nəticələndi. Prezident çıxışında bunu belə ifadə edir: "Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi".
Söhbət beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan və uzun müddət nəzarətdən kənarda qalan ərazilər üzərində suverenliyin bərpasından gedirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti təsdiqləyir, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edirdi.
Bu baxımdan İlham Əliyevin “öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik” fikri çıxışın əsas siyasi tezislərindən biridir.
Prezidentin çıxışında başqa bir mühüm məqam da var: Azərbaycan öz təcrübəsini yalnız Qarabağ müharibəsinin nəticəsi kimi deyil, beynəlxalq münasibətlər sistemində yaranmış vəziyyətə cavab kimi təqdim edir.
"Bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi", – deyən Prezident bununla Azərbaycanın 30 illik təcrübəsini daha geniş beynəlxalq kontekstə yerləşdirir.
Bu yanaşmaya görə, beynəlxalq hüququn mövcudluğu ilə onun icra olunması eyni məsələ deyil. Hüquqi sənədlərin siyasi və hərbi mexanizmlərlə dəstəklənmədiyi halda, həmin sənədlərin praktiki nəticəsi məhdud qala bilər. Azərbaycanın Qarabağ təcrübəsi isə Bakının təqdim etdiyi formanın nümunəsidir: əvvəlcə beynəlxalq hüquqi mövqe, daha sonra hərbi güc və nəticədə faktiki suverenliyin bərpası.
Bu baxımdan Prezidentin “suverenliyimizin, ərazi bütövlüyümüzün bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz” sözləri təsadüfi deyil. Çıxışın sonunda bu fikir xüsusilə ön plana çıxarılır.
Azərbaycanın Qarabağ məsələsində atdığı addımları siyasi baxımdan fərqləndirən məqam məhz budur: Bakı uzun illər beynəlxalq vasitəçilik mexanizmlərində iştirak etdikdən sonra ərazi bütövlüyünün bərpasını öz hərbi imkanları ilə həyata keçirdi.
Bu, beynəlxalq hüququn rədd edilməsi kimi təqdim olunmur. Əksinə, Azərbaycanın rəsmi arqumenti ondan ibarətdir ki, hərbi əməliyyatların məqsədi məhz əvvəldən mövcud olan hüququn faktiki vəziyyətə gətirilməsi olub.
Bu fərq əhəmiyyətlidir. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri artıq 1993-cü ildə işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılmasını tələb edirdi.
Başqa sözlə, Azərbaycan rəhbərliyinin təqdim etdiyi məntiq belədir: əvvəl hüquq tanındı, sonra həmin hüququn icrası üçün 30 il gözlənildi, nəticə olmayanda isə Azərbaycan bunu öz gücü hesabına reallaşdırdı.
Məhz buna görə Prezidentin “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu” ifadəsi çıxışın siyasi yükünü daşıyan cümlələrdəndir.
Ölkə liderinin çıxışında diqqət çəkən başqa bir məqam isə müharibənin nəticələri ilə bugünkü sülh prosesinin eyni çərçivədə təqdim edilməsidir.
“Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq”, – deyə Prezident bildirib.
Bu cümlə göstərir ki, Bakı Qarabağ müharibəsinin nəticəsini artıq yeni regional siyasi reallığın başlanğıcı kimi təqdim edir. Yəni Azərbaycan üçün məsələ yalnız torpaqların qaytarılması ilə bitmir. Növbəti mərhələ əldə olunmuş suverenliyin və ərazi bütövlüyünün sülh müqaviləsi və regional münasibətlər sistemi daxilində möhkəmləndirilməsidir.
Azərbaycanın rəsmi mövqeyinə görə, bu müddətdə diplomatiyanın nəticə verməməsi Bakını öz hərbi imkanlarından istifadə etməyə gətirib çıxardı.
Bu çıxışda Qarabağ müharibəsi yalnız hərbi qələbə kimi təqdim edilmir. Onun siyasi mənası daha genişdir: uzun müddət icra olunmayan beynəlxalq qərarların fonunda Azərbaycan öz ərazi bütövlüyünün bərpası prosesini özü həyata keçirdi və bununla da hüquqi statusla real vəziyyət arasındakı fərqi aradan qaldırdığını bəyan etdi.

















