1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistan hakimiyyətinin rusiyalı iş adamlarına münasibəti barədə açıqlama verib.
Şevtsovun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın komandası rusiyalı iş adamı və Ermənistan hakimiyyətinin əsas siyasi rəqiblərindən biri kimi təqdim edilən Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsinə doğru addımlar atır.
Rusiya rəsmisi Ermənistan hakimiyyətinin bu istiqamətdəki fəaliyyətini “reyd yolu ilə ələ keçirmə” kimi qiymətləndirib.
Şevtsovun açıqlaması TASS tərəfindən yayımlanıb.
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə çoxsaylı problemlərin olduğunu bildirmişdi. Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələrin “inventarlaşdırılması” aparılır, müxtəlif məsələlərlə bağlı müzakirələr isə davam edir və yeniləri başlayır.

















