Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi olmasını iddia edən fransız jurnalist və bloqer Nataşa Rey vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə jurnalist Ksavye Pussar “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun uzun sürən onkoloji xəstəlikdən öldüyü bildirilir. Nataşa Rey bu gün dəfn ediləcək.
Xatırladaq ki, 2021-ci ildə Nataşa Rey “YouTube” platformasında yayımlanan bir videoda həyat yoldaşından 24 yaş böyük olan Bricit Makronun cinsini dəyişdirdiyini iddia edib. O, Bricit Makronun kişi cinsində doğulduğunu və əsl adının Jan-Mişel Tronye olduğunu iddia edib. 2024-cü ilin sentyabrında Paris məhkəməsi Nataşa Rey və onun çıxış etdiyi “YouTube” kanalının sahibi Delfin Jequssin 13,5 min avro məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Paris Apellyasiya Məhkəməsi isə Reyə qarşı irəli sürülmüş böhtan iddiası üzrə bəraət hökmü çıxarıb. Məhkəmə bloqerin şərhlərinin əksəriyyətinin böhtanın hüquqi tərifinə uyğun gəlmədiyini hesab edib.
















