Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
1xeber.media xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal və Nizami rayonlarında yerləşən bəzi Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov, Zahid Xəlilov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami RETSİ-nə daxil olan Babək prospektinin, eləcə də Keşlə qəsəbəsi 1 və 4-cü Köndələn küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
***
Həmçinin elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bəzi rayonların elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində bir sıra 0.4 kV-luq dayaqlar yenisi ilə əvəz olunacaq. Bu zaman Bulaqotağı, Ərəb, Qobuüstü kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bərdə EŞ-yə daxil olan 10 kV-luq 1 saylı kənd hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Bəcirəvan və Lənbəran kəndlərini əhatə edəcək.
Göyçay EŞ ərazisində 10 kV-luq “Broyler” və 1-ci kənd hava xətlərində aparılacaq təmir işləri zamanı Cəyirli, Çayarxı, Kürdəmiş və Mirzəhüseynli kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Yevlaxda 10 kV-luq “Rüstəmli” hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək rayonun Qaraməmmədli və Rüstəmli kəndlərində enerjinin verilişində fasilə yaranacaq.
Tərtər EŞ-yə daxil olan 35/10 kV-luq “Dəmirçilər” yarımstansiyasında yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Ağkənd, Bəyimsarov, Bildirçinli, Borsunlu, Cəmilli, Dəmirçilər, Kövdadıq, Rəcəbli və Sarov kəndlərinin bəzi hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.















