“Kristal Estetik” 26 min manat cərimələndi
1xeber.media xəbər verir ki, “Kristal Estetik” MMC-də gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra vətəndaşın səhhətinə zərər vurulması ilə bağlı araşdırma aparılıb.
Araşdırma zamanı klinikada çalışan Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsində işlədildiyi müəyyən olunub.
Bundan başqa, A.Musayevanın ali tibb təhsilinin olmadığı və vətəndaşa tətbiq edilən prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı aşkarlanıb.
Faktla bağlı “Kristal Estetik” MMC və şirkətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Kristal Estetik” MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işə cəlb edilməsinə görə 20 min manat, praktik tibb fəaliyyətinə tibb təhsili olmayan şəxsin buraxılmasına görə isə 6 min manat cərimələnib.
Şirkətin direktoru Roza Əliyevaya da eyni iş üzrə 3 min manat inzibati cərimə tətbiq edilib.
















