Stubb: Avropanı danışıqlarda tək təmsil etməyəcəyəm
1xeber.media xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna ilə Rusiya arasında mümkün sülh danışıqlarında Avropanın əsas nümayəndəsi olacağını gözləmədiyini bildirib.
Stubb “Politico”ya müsahibəsində belə bir ehtimalın real görünmədiyini deyib. Onun sözlərinə görə, mümkün danışıqlarda Avropa tərəfini bir neçə nümayəndənin təmsil etməsi daha realdır.
Finlandiya prezidenti öz rolunu daha çox danışıqlar prosesinə dəstək vermək və “pərdəarxası iş” aparmaqla əlaqələndirib. O, həmçinin Avropanın Rusiya tərəfindən mümkün hibrid təhdidlərə qarşı hazırlıqlı olmalı olduğunu, lakin bu addımlara həddindən artıq reaksiya verməməli olduğunu bildirib.
Stubb Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün də gündəmə gələ biləcəyini qeyd edib. Onun sözlərinə görə, belə bir görüş üçün yol hələ uzundur.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Avropa ölkələri ilə münasibətlərin bərpasına və əməkdaşlığın yenidən qurulmasına hazır olduqlarını bildirib.
















