1xeber.media xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Dövlət başçısı tədbirdə geniş çıxış edərək, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi, ağır sənayenin canlandırılması və bölgələrin potensialının hərəkətə gətirilməsi istiqamətində strateji hədəfləri elan edib. Prezident sənayeləşmə siyasətinin paytaxtla yanaşı, birbaşa regionların yüksəlişinə xidmət etdiyini xüsusilə diqqətə çatdırıb.
Yeni hazırlanan Dövlət Proqramının regional inkişaf strategiyası ilə tam uzlaşdığını bildirən ölkə rəhbəri vurğulayıb:
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir".
Prezident qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları daxil olmaqla, respublikanın müxtəlif bölgələrində yerləşən zəngin yataqların səmərəli şəkildə dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq. Bu isə regionlarda sənaye müəssisələrinin qurulmasına, infrastrukturun yenilənməsinə və yerli əhalinin məşğulluğunun təmin edilməsinə birbaşa təkan verəcək.
Müşavirədə qeyd olunub ki, Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrdə minlərlə yeni daimi iş yerinin açılması, yerli istehsal zəncirinin qurulması və rayonların daxili gəlirlərinin artması təmin ediləcək. Sonda dövlət başçısı sənaye sahələrində innovativ texnologiyaların tətbiqi, ekoloji standartların qorunması və regionlardakı investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verib.

















