1xeber.media xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkənin strateji sənaye sahələrinin gələcək inkişafına və yeni iqtisadi yol xəritələrinə həsr olunmuş mühüm müşavirə keçirilib.
Dövlət başçısı öz çıxışında qeyri-neft sektorunun sürətli inkişafı ilə yanaşı, ölkə iqtisadiyyatının və dövlət gəlirlərinin əsas sütunlarından biri olan neft-qaz sənayesindəki mövcud trendlərə də toxunub. Prezident yeni investisiya layihələrinin və enerji sahəsindəki tərəfdaşlıqların hasilat dinamikasına müsbət təsir göstərəcəyini vurğulayaraq bildirib:
"Yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq".
Ölkə rəhbəri qeyd edib ki, mövcud yataqların tam potensialı ilə işlənilməsi, qabaqcıl texnologiyaların tətbiqi və yeni resurs mənbələrinin dövriyyəyə cəlb edilməsi hasilat səviyyəsinin uzunmüddətli dayanıqlılığını təmin edəcək. Bu sabitlik ölkənin maliyyə imkanlarını gücləndirməklə bərabər, qeyri-neft sektorunun, xüsusilə yeni qəbul olunacaq dağ-mədən və metallurgiya sənayesi proqramlarının maliyyələşdirilməsinə mühüm zəmin yaradacaq.
Müşavirədə həmçinin vurğulanıb ki, Azərbaycanın etibarlı enerji təchizatçısı statusu həm neft, həm də qaz ixracında yeni layihələrin icrası ilə qlobal miqyasda daha da möhkəmlənir. Sonda Prezident İlham Əliyev energetika sektorunda səmərəliliyin artırılması, yeni yataqların kəşfiyyatı və hasilat templərinin optimallaşdırılması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

















