Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkədə sənayeləşmə siyasətinin yeni mərhələsinə və iqtisadiyyatın şaxələndirilməsinə həsr olunmuş strateji müşavirə keçirilib.
1xeber.media xəbər verir ki,dövlət başçısı öz çıxışında ölkə iqtisadiyyatının neft-qaz amilindən asılılığının minimuma endirilməsi və davamlı inkişafın təmin olunması istiqamətində qazanılan uğurları təhlil edib. Prezident sənaye sahəsində həyata keçirilən institusional islahatların və məqsədyönlü strategiyaların artıq öz bəhrəsini verdiyini vurğulayaraq bildirib:
"Qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək".
Ölkə rəhbəri qeyd edib ki, son illərdə regionlarda sənaye zonalarının yaradılması, yerli istehsalın stimullaşdırılması və sahibkarlara göstərilən dövlət dəstəyi qeyri-neft sektorunun lokomotivinə çevrilib. Bu gün müzakirə olunan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da məhz bu uğurlu dinamikanı növbəti illərdə qoruyub saxlamaq və qeyri-neft sənayesində rəqabətqabiliyyətli daxili istehsal zəncirini daha da möhkəmləndirmək məqsədi daşıyır.
Müşavirədə həmçinin vurğulanıb ki, qeyri-neft sənayesindəki uzunmüddətli artım dayanıqlı yeni iş yerlərinin açılması, ixrac coğrafiyasının genişlənməsi və dövlət büdcəsinin gəlirlərinin şaxələndirilməsi deməkdir. Prezident İlham Əliyev çıxışının sonunda qəbul edilən proqramların vaxtında və tam şəffaf icra olunması, innovativ texnologiyaların istehsala cəlb edilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına konkret və qəti tapşırıqlar verib.
















