1xeber.media xəbər verir ki,Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkənin zəngin metal filizi resurslarının regional inkişafa təsiri geniş müzakirə olunub. Dövlət başçısının qeyri-neft sənayesində tam istehsal zəncirinin qurulması ilə bağlı verdiyi tapşırıqlarda unikal təbii resurslarımızın potensialından maksimum istifadə xüsusi yer tutur.
Azərbaycanın və regionun ən böyük rəngli metal yataqlarından bəhs edilərkən bu strateji obyekt xüsusi vurğulanır:
"Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır".
Tərkibinə görə qızıl, gümüş, mis, qurğuşun və sink kimi qiymətli metallarla zəngin olan "Filizçay" yatağının tam gücü ilə işlənilməsi sənayedə idxaldan asılılığı minimuma endirəcək. Dövlət başçısının müşavirədə bəyan etdiyi kimi, xammalın sadəcə hasilatı yox, yerli zavodlarda son məhsula qədər emal edilməsi zənciri məhz bu qəbildən olan nəhəng yataqların bazasında qurulacaqdır.
Yeni Dövlət Proqramı çərçivəsində bu layihələrin icrası Balakən-Şəki bölgəsi daxil olmaqla regionların sosial-iqtisadi gündəliyini tamamilə dəyişəcək, sənaye müəssisələrinin inşası hesabına minlərlə yeni daimi iş yerinin açılması təmin ediləcəkdir.
















