Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən strateji müşavirə işğal illərində Qarabağın dağ-mədən sənayesinin hansı miqyasda qanunsuz fəaliyyət meydanına çevrildiyini bir daha ortaya qoyub. Bu talançılıq piramidasının zirvəsində dayanan fiqurlardan biri isə rəsmi Bakının qətiyyətli addımları ilə həbs edilən və hazırda ədalət mühakiməsi qarşısında cavab verən rusiyalı milyarder, separatçı xunta rejiminin sabiq "dövlət naziri" Ruben Vardanyan olub.
1xeber.media xəbər verir ki,işğal dövründə və xüsusilə post-müharibə mərhələsində Ruben Vardanyan və digər separatçı rəhbərlər Azərbaycanın “Qızılbulaq” qızıl yatağı başda olmaqla, strateji metal filizlərini beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq istismar edirdilər.
Bu yataqlardan qanunsuz yollarla çıxarılan qızıl və mis konsentratı Ermənistan vasitəsilə dünya bazarlarına daşınır, əldə olunan qara pullar isə separatizmin maliyyələşməsinə və ekoloji terrorun miqyasının genişlənməsinə xərclənirdi. Dövlət başçısının çıxışında toxunduğu bu faktlar, Qarabağda uzun illər hökm sürən iqtisadi cinayət şəbəkəsinin və mədənlərin talanmasının ifşası baxımından mühüm əhəmiyyət kəsb edir.

















