Lənkəranda 27 Sentyabr – Anım Gününə həsr olunmuş geniş tədbirlər planı həyata keçirilib. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilən bu xüsusi gün, ərazilərimizin azadlığı uğrunda qəhrəmancasına döyüşən, bayrağımızı uca tutan və canlarını Vətən yolunda fəda edən əsgər və zabitlərimizə ehtiram rəmzidir.
1xeber.media xəbər verir ki, bu münasibətlə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri ilk olaraq Lənkərandan olan Milli Qəhrəmanların xatirə abidəsini, ardınca isə Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Vətən övladlarının xatirəsi hörmətlə anılaraq abidələrin önünə təzə güllər düzülüb.
Ziyarət zamanı şəhid doğmaları, qazilər və müharibə iştirakçıları ilə yaxından söhbət edən Taleh Qaraşov onların sosial qayğıları ilə maraqlanıb. İcra başçısı qeyd edib ki, Anım Günü cəmiyyətimizin birliyinin güclənməsində və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Taleh Qaraşov bildirib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhidlərin adının yaşadılması, qazilərin müalicəsi və sağlamlığının bərpası istiqamətində ali səviyyədə diqqət göstərilir.
Daha sonra icra başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və eləcə də ictimaiyyətin nümayəndələri sentyabrın 27-də lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Nəzərli Nicat Mübariz oğlunun, Vətən müharibəsi şəhidləri Şirvanov Mehman Mirəziz oğlunun və Əkbərzadə Qalib Əbdüləhəd oğlunun anım günü ilə bağlı şəhidlərin Narbağı, Ürgə və Kərgəlan kəndlərindəki məzarlarını, eyni zamanda Şiləvar kənd qəbiristanlığında şəhidlərin məzarlarını ziyarət edib.
Qeyd edək ki, şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə qurumun əməkdaşları, eləcə də rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Ziyarət çərçivəsində qəhrəmanlarımızın ailələrinə baş çəkilib, onların qayğı və problemləri ilə yaxından maraqlanılıb.
Şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları də öz növbələrində dövlətin onlara göstərdiyi bu yüksək qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Ölkə miqyasında olduğu kimi, Lənkəranda da saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və küçələrdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.
Anım Günü münasibətilə təsdiq olunmuş tədbirlər planına əsasən, rayon ərazisində genişmiqyaslı işlər görülüb. Tədbirlər çərçivəsində forumlar, konfranslar, dəyirmi masalar, seminarlar və sərgilər, eləcə də vətənpərvərlik mövzusunda müxtəlif proqramlar təşkil edilib. Həmçinin, şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarların, abidələrin, barelyeflərin və şəkil lövhələrinin ətrafında abadlıq işləri aparılıb, rayon mərkəzində və qəsəbələrdə ağacəkmə aksiyaları həyata keçirilib.























