5 oktyabr yaxınlaşanda məktəblərdə illərdir dəyişməyən bir mənzərə yenidən ortaya çıxır. Valideyn qruplarında eyni sual yazılır: “Müəllimə nə alaq?”, ardınca isə daha həssas sual gəlir: “Adambaşına nə qədər yığaq?” Bəzən söhbət gül dəstəsindən, kiçik hədiyyədən gedir. Bəzən isə sinif üzrə müəyyən məbləğ müəyyənləşdirilir, pul verməyən valideynin adı siyahıda qalır. Beləliklə, müəllimə təşəkkür etmək üçün nəzərdə tutulan bir gün bəzi ailələr üçün əlavə xərcə, bəziləri üçün isə narahatlığa çevrilir.
Halbuki ETN bu məsələdə mövqeyini artıq dəfələrlə açıqlayıb: 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər üçün pul yığılması və hədiyyə alınması yolverilməzdir.
1xeber.media xəbər verir ki, son illərdə Elm və Təhsil Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlar tərəfindən bu məsələ ilə bağlı ardıcıl xəbərdarlıqlar edilib. 2025-ci ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabrla bağlı daha açıq mövqe ortaya qoyub. Agentliyin məlumatında bildirilib ki, müəllimlərin təbrik edilməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və digər oxşar hallar qəti şəkildə qadağandır.
2024-cü ildə də eyni məzmunlu təlimat məktəblərə göndərilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlər tərəfindən müəllimlərə maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsini və bu məqsədlə pul yığılmasını yolverilməz hesab edib. Bu, yeni ortaya çıxmış yanaşma da deyil.
Hələ 2021-ci ildə Təhsil Nazirliyi 5 oktyabr münasibətilə məktəblərdə pul yığılması ilə bağlı bildirirdi ki, hər bir şagirdin öz müəlliminə səmimi ürək sözləri ən böyük hədiyyədir. Həmin vaxt da valideynlərə qanunsuz tələb olduğu halda Nazirliyin “Qaynar xətt” xidmətinə müraciət etmək tövsiyə olunurdu.
Yəni söhbət bir-iki ilin xəbərdarlığından getmir. Mövzu uzun illərdir təhsil sisteminin gündəmindədir.
Bəs niyə problem yaranır?
Çünki “hədiyyə” ilə “məcburi ödəniş” arasında ciddi fərq var. Bir valideynin öz təşəbbüsü ilə müəlliminə bir təbrik açıqcası yazması, gül verməsi ilə bütün sinifdən müəyyən məbləğ toplanması eyni məsələ deyil. Xüsusilə də məbləğ əvvəlcədən müəyyənləşdirilir, valideynlərə “hamı verməlidir” deyilir və pul verməyən şəxsdən hesabat tələb olunursa, burada artıq könüllülük məsələsi arxa plana keçir.
Elm və Təhsil Nazirliyinin 2024-cü ildə təsdiqlədiyi “Təhsilverənlərin etik davranış Qaydaları” da bu məsələyə ayrıca yanaşır. Qaydalara əsasən, təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Bundan başqa, təhsilverənin xidməti vəzifəsinin qərəzsiz icrasına təsir etmək cəhdi olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və digər nemətlər tələb və ya qəbul etməsinə yol verilmir.
Burada vacib məqam “hədiyyə”nin sadəcə puldan ibarət olmamasıdır. Qaydalar maddi və digər nemətləri də əhatə edir. Digər tərəfdən, “Təhsil haqqında” Qanunda valideynlərin təhsil müəssisəsinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün könüllü yardımlar etmək hüququ da nəzərdə tutulur. Lakin bu müddəanı müəllimə hədiyyə almaq üçün sinifdən məcburi pul yığılmasına əsas kimi təqdim etmək düzgün deyil. Qanundakı könüllü yardım anlayışı ilə konkret müəllimə təbrik məqsədilə məcburi pul toplamaq tamamilə fərqli məsələlərdir.
Məsələnin başqa tərəfi isə müəllimlərin özüdür. Çünki hər pul yığımı mütləq müəllimin təşəbbüsü ilə baş vermir. Valideynlər arasında “müəllimə yaxşı hədiyyə alaq” düşüncəsi ilə başlayan proses də ola bilər. Elm və təhsil naziri Emin Əmrullayev 2023-cü ildə məktəblərdə hədiyyə və pul yığımı ilə bağlı danışarkən məhz bu fərqə diqqət çəkmişdi. Nazir bildirmişdi ki, bəzi hallarda təşəbbüskar müəllim yox, valideynlərin özləridir. Onun sözlərinə görə, bahalı hədiyyələr və böyük məbləğdə pul verilməsi pedaqoji dəyərlərə uyğun deyil və valideynlər “rüşvət formasında hədiyyə verməməlidir”.
Burada isə başqa bir sosial problem ortaya çıxır: valideynlər arasında yaranan təzyiq. Məsələn, bir sinifdə 25 şagird varsa və hər valideyndən 20 manat yığılırsa, söhbət 500 manatdan gedir. Məbləğ 50 manat olduqda isə ümumi pul 1250 manata çatır. Bir ailə üçün bu məbləğ ciddi görünməyə bilər, digər ailə üçün isə əlavə vəsaitdir. Üstəlik, belə hallarda “hamı verir” ifadəsi könüllülük anlayışını faktiki olaraq aradan qaldırır.
Pul verməyən valideyn özünü digərlərindən fərqli hiss edə, uşağının sinifdə münasibətlərdən kənarda qalacağından narahat ola bilər. Ən həssas məqam isə uşağın bu prosesə cəlb edilməsidir. Müəllimə hədiyyə almaq istəyinin uşaqlar arasında “sənin anan pul vermədi” kimi söhbətə çevrilməsi artıq təkcə maddi məsələ deyil, məktəb mühitinə təsir edən sosial problemdir. Üstəlik, müəllimlə şagird arasında münasibətin maddi hədiyyə üzərindən qurulması pedaqoji baxımdan da suallar yaradır.
Müəllimə verilən ən dəyərli şeyin qiyməti olan hədiyyə yox, onun əməyinə verilən qiymət olması təhsil qurumlarının illərdir təkrarladığı əsas mesajdır. Nazirlik 2023-cü ildə valideynləri müəllimlərə xoş söz və təbrik mesajları çatdırmağa çağıraraq bunu ən böyük hədiyyə kimi qiymətləndirmişdi.
Bəs pul yığılırsa, valideyn nə edə bilər?
Əvvəla, valideyn pul vermək məcburiyyətində olmadığını bilməlidir. Məktəbdə müəllimlər günü münasibətilə pul yığılması ilə bağlı tələb və ya təzyiq varsa, məsələni aidiyyəti üzrə bildirə bilər. Elm və Təhsil Nazirliyi əvvəlki illərdə belə hallarla bağlı 146 “Qaynar xətt” xidmətinə müraciət edilməsini tövsiyə edib. 2023-cü ildə Nazirlik bu cür hallarla qarşılaşan valideynlərdən məlumat vermələrini və məsələ ilə bağlı monitorinqlər aparılacağını açıqlamışdı.
Burada bir məsələni də ayırmaq lazımdır: hər bir müəllimə verilən hədiyyəni avtomatik olaraq “rüşvət” adlandırmaq hüquqi baxımdan düzgün yanaşma deyil. Rüşvətin hüquqi qiymətləndirilməsi üçün konkret halların, məqsədin, tələb və ya qarşılığın olub-olmamasının araşdırılması lazımdır. Lakin təhsil sisteminin etik qaydaları daha geniş çərçivə müəyyən edir. Məqsəd yalnız cinayət və ya inzibati məsuliyyət yaratmaq deyil, müəllim-şagird-valideyn münasibətlərində maraqların toqquşmasına və müəllimin qərarlarına təsir edə biləcək vəziyyətlərə yol verməməkdir. Yeni etik davranış qaydalarının əsas məqsədləri arasında da şəffaflığın artırılması, maraqların toqquşmasının qarşısının alınması və təhsilverənlərə ictimai etimadın gücləndirilməsi göstərilir.
Əslində 5 oktyabrla bağlı mübahisənin əsas sualı da budur: müəllimə hörmət etmək üçün mütləq pul lazımdırmı?
Cavab məktəblərin özünün və təhsil qurumlarının illərdir verdiyi mesajda gizlənir: yox. Müəllimin əməyini qiymətləndirmək üçün bir sinifdən pul toplamaq, valideynlər arasında məbləğ müəyyənləşdirmək və ya uşağın hədiyyənin qiymətinə görə fərqləndirilməsi nə 5 oktyabrın mahiyyətinə uyğundur, nə də sağlam məktəb mühitinə. Müəllimlər Günü bir müəllimin şagirdindən aldığı ən bahalı hədiyyənin deyil, illər sonra həmin şagirdin onu necə xatırladığının günü olmalıdır.
Bu səbəbdən 5 oktyabr ərəfəsində valideyn qruplarında yenidən “nə qədər yığaq?” sualı səslənirsə, ən azı bir sual da verilməlidir: “Bunu həqiqətən könüllü edirik, yoxsa hamı etməli olduğu üçün edirik?” Çünki hörmətin məcburi ödənişə çevrildiyi yerdə artıq söhbət sadəcə hədiyyədən getmir.
yeni sabah
















