Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad
olunmasının beşinci ili tamam olur və həmin gün biz həm də Cəbrayıl şəhəri gününü qeyd
edəcəyik. Düz beş il əvvəl Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə qəhrəman
Azərbaycan Ordusu Cəbrayıl rayonunu düşməndən azad etdi. 2016-cı ilin Aprel döyüşləri
zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad
edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.
Qəhrəman övladlarımızın şücaəti nəticəsində 2020-ci il ilin sentyabrın 27-də Cəbrayıl
rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də tarixində Mehdili, Çaxırlı, Aşağı
Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də tarixində Cəbrayıl şəhəri və rayonun 9
kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı
Maralyan və Decal kəndləri düşmən tapdağından azad olundu. Cəbrayıl rayonunun ərazisində
aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad
edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra azadlığa qovuşdu.
Bununla yanaşı, Ordumuz əlverişli mövqelər əldə edərək Xocavənd rayonunun cənub
kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirmək üçün geniş
imkanlar qazandı.
İşğal dövründə ermənilər Cəbrayıl rayonunda böyük, ağlasığmaz dağıntılar törətdilər.
1050 km2 ərazisi olan rayon və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132
tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42
kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər
Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o
cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa
məcbur oldular. Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil
oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva 2021-
ci il noyabrın 16-da işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəldilər. Prezident Cəbrayıl
şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu rayonun ərazisində
yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş
Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması isə böyük tarixi və
siyasi əhəmiyyətli hadisələrdən biri idi. Çünki xalqımızın tarixində və qan yaddaşında dərin iz
buraxan Xudafərin körpüsü həm də milli qürur mənbəyimizdir.
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli
anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub,
hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət
daşıyır.
Cəbrayıl rayonunun işğalı nəticəsində maddi-mədəni abidələrimiz dağıdılmış,
məqbərələr, türbələr, qalalar, məscidlər məhv edilmişdir. Lakin inanırıq ki, dövlətimizin qüdrəti
sayəsində bu abidələr qısa müddətdə bərpa edilərək gələcək nəsillər üçün qorunub
saxlanacaq.
Sevindirici haldır ki, məhz 4 oktyabr – Cəbrayıl şəhəri günü ərəfəsində, 2024-cü il
sentyabrın 30-da Cəbrayıl şəhərinə 123 nəfərdən ibarət 40 ailə köçürülüb. Beləliklə, indiyədək
Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib və
Cəbrayıllıların döqma yurdlarına qayıdışı davam edir.
Doğma torpaqlarımızın öz əzəli sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir.
Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır və bu şərəfli günlərdən biri də 4 oktyabr –
Cəbrayılın işğaldan azad edildiyi gündür.
Könül Ağayeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta ümumtəhsil məktəbinin müəllimi
















