1xeber.media xəbər verir ki, Moskva vilayətinə gecə saatlarında kütləvi PUA hücumu həyata keçirilib. Regionun qubernatoru Andrey Vorobyovun sözlərinə görə, 16 bələdiyyə ərazisində 185 pilotsuz uçuş aparatı məhv edilib və ya elektron mübarizə vasitələri ilə sıradan çıxarılıb.
Hücum nəticəsində İstra şəhərində 10 fərdi evə, təsərrüfat tikililərinə və iki avtomobilə ziyan dəyib. Pokrovskoe kəndində evin fasadı və şüşələri zədələnib. Domodedovo rayonunun Lobanovo kəndində fərdi evdə yanğın başlayıb, Barıbino kəndində isə daha bir ev dağılıb.
Vorobyovun bildirdiyinə görə, hücum nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb. Ölən şəxsin Solneçnoqorsk rayonunun Radumlya qəsəbəsində yaşayan 20 yaşlı kişi olduğu açıqlanıb. Yaralananlardan biri qəlpə yaraları ilə xəstəxanaya çatdırılıb, digər şəxslər də tibbi yardım alıblar.
Hadisə ilə bağlı xilasetmə və digər operativ xidmətlər ərazidə işləyir. Vorobyov hücumun nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlərin davam etdiyini bildirib.
















