“Artezian quyuları ilə bağlı məsələ çox ciddidir. Bu, vətəndaş qəbullarında da daim qaldırılan məsələlərdən biridir və bunun kökündə iqtisadi səbəb dayanır”.
1xeber.media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Elektrik enerjisinin xərci yüksək olduğuna görə heç kim həmin artezian quyusuna sahib çıxmaq istəmir. Kənd Təsərrüfatı Nazirliyi olaraq bizim bir təklifimiz və həll yolumuz var.
Artıq Subsidiya Şurasında bununla bağlı qərar verilib. 1 yanvar 2027-ci ildən kənd təsərrüfatı təyinatlı obyektlərdə, xüsusilə də su təyinatlı artezian quyularında günəş panellərinin quraşdırılmasına 50 faiz dövlət güzəşti veriləcək.
Bizim təklifimiz ondan ibarətdir ki, günəş panelləri həmin artezian quyularında quraşdırılsın. Bu halda xərclərin 50 faizini dövlət, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə qarşılayacaq və elektrik enerjisi xərcləri əhəmiyyətli dərəcədə aşağı düşəcək. Bundan sonra vəziyyət avtomatik olaraq əksinə dəyişəcək və insanlar deyəcəklər ki, “yox, artezian quyusu mənimdir”. Yəqin ki, onlar həmin quyuları sahiblənməyə çalışacaqlar”, - nazir qeyd edib.















