Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə report-un sorğusuna cavab olaraq Çexiyanın Nəqliyyat Nazirliyindən bildirib.
Qeyd olunub ki, səfər Çexiya nümayəndə heyətinin oktyabrın 11-dən 16-dək Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə həyata keçirəcəyi irimiqyaslı turne çərçivəsində baş tutacaq.
Məlumata əsasən, Bakıya səfəri zamanı naziri Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının (SP ČR) himayəsi altında yerli iş adamlarından ibarət nüfuzlu nümayəndə heyəti müşayiət edəcək. B2B/B2G formatında görüşlər və biznes-forumlar çərçivəsində dəmir yolu nəqliyyatı, logistika, multimodal daşımalar, mülki aviasiya və müvafiq infrastruktur sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriləcək.
Missiya regionda layihələr həyata keçirən və ya yeni təşəbbüslərə, o cümlədən Avropanın "Global Gateway" strategiyası çərçivəsində nəzərdə tutulan təşəbbüslərə başlayan şirkətlərin fəaliyyətinə yönəldilib.
İ.Bednarik Azərbaycandan sonra Qazaxıstan və Qırğızıstana səfər edəcək.















