Gələcəyimizə birbaşa təsir edəcək ciddi məsələlər var. Onlardan ən vaciblərindən biri təqaüd məsələsidir və bu sahədə addım-addım gələn böhran müşahidə olunur.
1xeber.media xəbər verir ki, bunu iqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli deyib.
İqtisadçı bildirib ki, Dövlət Sosial Müdafiə Fondu hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş – pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım həyata keçirir:
“DSMF vətəndaşlardan və işəgötürənlərdən məcburi dövlət sosial sığorta haqları şəklində hər ay orta hesabla 550 milyon manat civarında pul yığır.
2026-cı ildə DSMF ölkə büdcəsindən 1 milyard 700 milyon manat dotasiya alıb. Son 5 ildə hər il dotasiyanın həcmi artır:
– 2022-ci il: 1 milyard 231,97 milyon manat
– 2023-cü il: 1 milyard 467,77 milyon manat
– 2024-cü il: 1 milyard 232,00 milyon manat
– 2025-ci il: 1 milyard 600,00 milyon manat
– 2026-cı il: 1 milyard 700,00 milyon manat
Ölkədə iqtisadi aktivlik çox zəifləyib, əlavə dəyər yarada bilmirik, iş yerləri azalır, çox böyük ixtisarlar gedir, doğuş azalıb, ölkədən köçən gənc insanların sayı kəskin artıb.
Bu o deməkdir ki, dotasiyalar gələcəkdə də artmalıdır. Çünki 1970-1980-1990-cı illərdə ölkədə “baby boom” yaşanıb, onlar 10-15-20 ildən sonra təqaüdə çıxacaqlar, təqaüdçülərin sayı artacaq.
Amma ölkə əlavə dəyər yarada bilmirsə, iqtisadiyyat yerində sayırsa, doğuş azalır, köçənlər isə artırsa, bu vəziyyətdən necə çıxacağıq?!”.
İqtisadçı bildirib ki, hökumət inadını buraxmalı, indi əsas hədəfi olan büdcəyə qənaət, büdcənin hər yolla doldurulması siyasətindən əl çəkməlidir:
“Əsas hədəf iqtisadi azadlıqların genişlənməsi, iqtisadi aktivliyin sürətlənməsi, əlavə dəyər yaratmaq olmalıdır. Bu, elə büdcəyə də zamanla daha çox pul gətirəcək.
Xalq varlanmalıdır ki, sosial müavinətə ehtiyacı olanlar azalsın, büdcənin Neft Fondundan asılılığı minimuma ensin və son nəticədə Neft Fondunun adını və funksiyasını dəyişib, “Təqaüd və Gənclərə dəstək” Fondu qoya, yığılan vəsaiti ancaq bu yöndə xərcləməyə nail ola bilək.
Başqa yol görmürəm, addım-addım böhrana doğru gedirik, niyə uçurumun kənarına gəlməliyik ki, ayılaq?! İndidən gedişatı görüb, qabaqlayıcı tədbirlər, işlək qərarlar almalıyıq.
Bizim xalq çalışqan xalqdır, pulu, pul qazanmağı sevir – bunu üstünlüyə, əsas resursumuza çevirməliyik. Dövlət-hökumət orqanları kömək etməsələr də olar, mane olmasınlar, vergi-rüsum-cərimələri azaltsınlar, biznesin işinə kənar müdaxilələri minimuma endirsinlər, yetər”.















