Bəzən insanın yaddaşında bir kənd, bir ömür qədər iz buraxır. Mahnur Fatalıyeva üçün də Xocalı rayonunun Təzəbinə kəndi belə bir yerdir. O, 5 yaşında doğma elini tərk edib.
1xeber.media xatırladır ki,uzun illər keçsə də yurda qayıtmaq ümidini isə heç vaxt itirməyib. 33 il ərzində Təzəbinə onun üçün uzaqda qalan bir kənddən daha çox uşaqlığının, ailəsinin və doğma torpağının adı olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikiniti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Mahnur illər sonra 2025-ci ildə 38 yaşında Təzəbinə kəndinə qayıdıb. Uşaqlıq illərində gördüyü yerləri yenidən görmək, doğma torpağın havasını udmaq, təkcə yurda qayıdış deyil, həm də yarımçıq qalmış həyat hekayəsinin davamı, yeni bir başlanğıcdır. 3 övladı ilə Xocalının Təzəbinə kəndinə dönən Mahnur, onu torpağına qovuşduran şəhidlərə ehtiramını, qəhrəman oğullara minnətdarlığını bildirir.




















