Türkmənistan Azərbaycan və Mərkəzi Asiya liderlərinin (C6) növbəti Məşvərət görüşünün hazırlanması və keçirilməsində Azərbaycana sədr qismində hərtərəfli köməklik göstərəcək.
Bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
O xatırladıb ki, hazırkı iclasa hazırlığın gedişində nümayəndə heyətləri növbəti görüşün 2027-ci ildə Azərbaycanda keçirilməsini razılaşdırıblar. Berdıməhəmmədov bu qərar münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
O, bu formatın dövlətlər arasında qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əmin olduğunu bildirib.
"Türkmənistan sülhün, sabitliyin və mehriban qonşuluğun daha da möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verərək, qarşıdan gələn görüşün uğurla hazırlanmasına və keçirilməsinə hərtərəfli köməklik və lazımi dəstək göstərəcək", - o vurğulayıb.















