1xeber.media xəbər verir ki, Şimali Koreya Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq göndərmək planını rədd edib.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Seulun humanitar yardım təşəbbüsünü “siyasi təxribat” və ölkənin suverenliyinə müdaxilə kimi qiymətləndirib. Onun sözlərinə görə, Cənubi Koreyanın tibbi yardım adı altında Şimala yanaşması iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində real addım deyil.
Cənubi Koreya Pxenyandakı xəstəxanalardan birinə diaqnostika, cərrahiyyə və müalicə üçün istifadə olunacaq 1 431 adda tibbi ləvazimat göndərməyi planlaşdırırdı. Bunun üçün Seul BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarına dair komitədən də xüsusi icazə alıb.
Lakin Kim Yo Conq bildirib ki, Pxenyanın Seulla yardım mübadiləsinə ehtiyacı yoxdur. Şimali Koreya rəsmisi iki ölkə arasındakı münasibətlərin hələ də düşmənçilik xarakteri daşıdığını və Cənubi Koreya ilə əlaqələrə dair mövqeyin dəyişmədiyini vurğulayıb.
Seul isə humanitar yardımın siyasi məqsəd daşımadığını və adi vətəndaşların tibbi ehtiyaclarının qarşılanmasına yönəldiyini bildirir.















