Türkmənbaşı sammitinin kulislərində ən çox danışılan hadisə Qırğızıstan Prezidenti Sadır Japarovun tribunadan elan etdiyi o tarixi qərar oldu: Azərbaycan 2027-ci ildə bu böyük Məşvərət Görüşünə sədrlik edəcək! Cəmi bir neçə il əvvəl bu formata tamhüquqlu üzv qəbul olunan Azərbaycanın qısa müddətdə liderliyi əlinə alması platformanın coğrafi taleyini tamamilə dəyişir.
Bu sadəcə növbəti bir tədbirə ev sahibliyi etmək missiyası deyil. Qırğız liderinin də vurğuladığı kimi, Mərkəzi Asiya ölkələri Bakının müəyyən edəcəyi strateji prioritetləri tam dəstəkləməyə indidən hazırdırlar.
Qlobal güclərin təzyiqləri altında sıxışan region dövlətləri üçün Azərbaycan etibarlı bir sığınacaq, Avropaya açılan ən təhlükəsiz pəncərədir. 2027-ci ildə sədrlik sükanının Bakıya keçməsi, Xəzərin şərqindəki zəngin resursların idarəetmə və tranzit beyninin Azərbaycan olacağını rəsmiləşdirir. Bu isə ölkəmizin yaxın gələcəkdə qlobal arenada siyasi çəkisini bir neçə qat artıracaq analitik gedişdir.















