Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin
mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi
dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli
əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla
münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin iki sahilində
yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər
sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri də məhz bu əməkdaşlıq
gündəliyi fonunda diqqət çəkir. Səfər çərçivəsində dövlətimizin başçısının Mərkəzi Asiya və
Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın
regional əməkdaşlıq prosesində artan rolunun növbəti göstəricisidir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə
Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün
keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm
mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə
qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb.
Azərbaycanın Məşvərət Görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də
ardıcıl şəkildə inkişaf edib.
Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla
əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi
baxımından mühüm əhəmiyyət daşıyır. “Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə
qarşılıqlı fəaliyyəti xeyli genişlənib”. Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi
Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Siyasi əlaqələrin
yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli
səfərlərin müntəzəm hal aldığını qeyd edib. “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı
investisiyalar artır və birgə layihələr həyata keçirilir”, – deyə Prezident əlavə edib.
Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan
dövlətimizin başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri
daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”. Prezident İlham Əliyev
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli
şəhərində məscidin tikintisini xüsusi vurğulayıb. “Keçən il onun təməlinin qoyulmasında birgə
iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və
mənəvi yaxınlığının daha bir sübutudur”, – deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il
50 faizdən çox artdığini bildirib: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-
dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan
və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz
milyonlarla dollar təşkil edir”. Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata
keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının
genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini
qeyd edib. “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə
investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, – deyə o əlavə edib.
Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının daha da inkişaf etdirilməsi yük
axınlarının Azərbaycan üzərindən Avropa istiqamətində artmasına şərait yaradacaq.
Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına
çıxışında Azərbaycan mühüm tranzit qapıdır. Bu ölkələrin ixrac potensialı artdıqca, Orta Dəhliz
vasitəsilə daşınacaq yüklərin həcminin də yüksəlməsi gözlənilir. Bu isə Azərbaycanın tranzit
və logistika imkanlarını daha da artıracaq.
Avropa İttifaqının Orta Dəhlizə artan marağı Azərbaycanın nəqliyyat sektorunda yeni
investisiya və əməkdaşlıq imkanları yarada bilər. Onun fikrincə, Avropa ilə Mərkəzi Asiya
arasında ticarət dövriyyəsinin genişlənməsi Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artması
deyil, həm də logistika, anbar, multimodal daşımalar və rəqəmsal nəqliyyat xidmətlərinin
inkişafı baxımından yeni perspektivlər açır.
Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün marşrut boyunca yerləşən
ölkələrin vahid yanaşma nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan
Azərbaycanın Mərkəzi Asiya dövlətləri və Türkiyə ilə əməkdaşlığı Orta Dəhlizin Avropa
istiqamətində daha səmərəli və dayanıqlı nəqliyyat marşrutuna çevrilməsinə xidmət edə bilər.
Gələcəkdə Mərkəzi Asiyanın artan ixrac potensialı ilə Avropanın geniş bazarı arasında
əlaqələrin qurulmasında Azərbaycanın rolu daha da artacaq və ölkə regionlararası ticarət
əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək.
Ağalar Ağammədov,
Sabirabad rayonu, Mil-Muğan Regional Mədəniyyət idarəsinin məsləhətçisi















