1xeber.media 1BUSİNESS.MEDIA-nın instagram səhifəsinə istinadən xəbər verir ki, “Azərbaycan Kredit Bürosu” MMC-nin Findoc rəqəmsal kredit tarixçəsi platformasında “Stop-Kredit” xidməti istifadəyə verilib.
Yeni xidmət vətəndaşlara rəqəmsal kanallar vasitəsilə öz adlarına istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət qoymaq imkanı yaradır.
Xidmətdən istifadə etmək üçün vətəndaş Findoc portalına və ya mobil tətbiqə daxil olaraq şəxsi kabinetindən müvafiq sorğunu yerləşdirə bilər. “Stop-Kredit” funksiyasını sonradan ləğv etmək və yenidən aktivləşdirmək də mümkündür.
Mərkəzi Bankın qaydalarına əsasən, oktyabrın 1-dən kredit təşkilatları məsafədən kredit rəsmiləşdirməzdən əvvəl bu məhdudiyyətin olub-olmadığını yoxlamalıdır. Məhdudiyyət aktiv deyilsə, kredit rəsmiləşdirilə bilər.
Findoc portalı real vaxt rejimində, 7/24 fəaliyyət göstərir. Hazırda portalda qeydiyyatdan keçən şəxslərin sayı 225 mindən çoxdur.















