Geostrateji layihələr bütün dövrlərdə qlobal güclərin prioritet hədəflərindən biri olub və
onların həyata keçirilməsi üçün səylər hər zaman göstərilib. Bu cür layihələrin reallaşması
tarixi şəraitdən əhəmiyyətli dərəcədə asılıdır. Tarixi şərait isə kortəbii şəkildə ərsəyə gəlmir, bir
çox amil onun formalaşmasında həlledici rol oynayır.
Orta Dəhliz və yeni strateji bağlantı qovşaqlarından biri kimi çıxış edən Zəngəzur dəhlizi
belə layihələrdəndir. Hələ ötən əsrdə nüfuzlu beyin mərkəzləri və tanınmış siyasi
nəzəriyyəçilər hesab edirdilər ki, Mərkəzi Asiyanı idarə edən qüvvə Avropa və Asiya kimi iki
böyük qitəni- Avrasiya coğrafiyasını da idarə edəcək. Görkəmli dövlət xadimi Zbiqnev
Bjezinskinin uzaqgörən proqnozlarından biri isə belə idi: “Vaxt gələcək, Azərbaycan böyük
siyasətin şahmat lövhəsində mühüm strateji mərkəzə çevriləcək.
44 günlük Vətən müharibəsində və 2023-cü illin birgünlük antiterror əməliyyatında əldə
olunan tarixi nailiyyətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasını təmin etməklə
yanaşı, Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallığın əsasını qoydu. Tarixi
Zəfərimizdən ötən altı il ərzində məlum siyasi mərkəzlərin təzyiqinə və çirkin qarayaxma
kampaniyalarına baxmayaraq, Prezident İlham Əliyev dövlət və milli maraqlarımızdan bir
addım belə geri çəkilmədi, əksinə, yeni reallığı hətta bədxahlarımıza da qəbul etdirə bildi.
Təsadüfi deyil ki, dünyanın güc mərkəzləri Azərbaycanın Avrasiya coğrafiyasında mühüm
strateji mərkəzlərdən birinə çevrildiyini nəinki etiraf edir, ölkəmizin iştirakı olmadan iki qitə
arasında geoiqtisadi layihələrin reallaşa bilməyəcəyini də artıq qəbul edirlər.
2025-ci il noyabrın 16-da ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət
Görüşünə yekdilliklə tamhüquqlu üzv qəbul edilməsi qərarının arxasında həm də
Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıq dayanır. Prezident İlham Əliyevin
sentyabrın 24-də ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı
təbrik məktubunda yer alan bu fikirlər elə həmin gerçəkliyi əks etdirir: “Orta Dəhliz Mərkəzi
Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir;
formalaşmaqda olan Zəngəzur dəhlizi-TRIPP əlaqəlilik marşrutu kimi də tanınır-isə
Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında
ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır”.
Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunması ilə “C5” formatı
faktiki olaraq “C6” formatına çevrildi və bu, sıradan bir transformasiya prosesi kimi
qiymətləndirilməməlidir. Həmin platforma Avrasiya kimi geostrateji coğrafiyada yeni
əməkdaşlıq formatının yarandığını nümayiş etdirir. Onu digər platformalardan fərqləndirən
əsas amillərdən biri onunla bağlıdır ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini iqtisadi-siyasi
maraqlarla yanaşı, ortaq tarixi köklər, təbii qardaşlıq bağları, dil və din birliyi, ümumi adət-
ənənələr birləşdirir. İkili standartlar siyasətinin, etnik və dini zəmində ayrı-seçkiliyin,
İslamofobiya və türkofobiyanın tez-tez qabardıldığı müasir dünyada Türk Dövlətləri Təşkilatı
və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü kimi birləşdirici formatlar bu gün xüsusi
çəkiyə malikdir. Liderlərin ortaq mövqeyi, ən yüksək səviyyədə qarşılıqlı etimad mühiti və
dövlət başçılarının siyasi iradə əzmi əməkdaşlığın bütün istiqamətlər üzrə şaxələndirilməsinə
tarixi fürsət yaradır.
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya
Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı səsləndirdiyi bu fikir də
əməkdaşlığın genişləndirilərək dərinləşdirilməsinə edilən mühüm çağırışdır: “Hörmətli
həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat
sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi
sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək
uğurlu inkişafının, qarşılıqlı fəliyyətimizin möhkəmlənməsinin təminatıdır”.
Azərbaycan və Mərkəzi Asiya ilə iqtisadi-siyasi əməkdaşlığa ilbəil artan qlobal marağı,
bir sıra hallarda isə bu marağın geostrateji rəqabət amilinə çevrildiyini nəzərə alaraq, hamılıqla
onu da bilməliyik ki, coğrafi üstünlüyümüzün, zəngin təbii resurslarımızın və ölkələrimizin
geniş iqtisadi potensialının başağrısına deyil, xalqlarımızın ümumi rifahına və bütövlükdə
Avrasiya məkanına fayda verməsinin əsas təminatı birliyimizin qorunmasından və daha da
gücləndirilməsindən keçir.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” saytının təsisçi drektoru















