"O, silahı uşaqlara tuşlayırdı. Mən onun azərbaycanlı olduğunu bilmirdim".
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bunu zərər çəkən kimi tanınmış Ani Avetisyan hərbçimiz Nəsimi Musayev haqda söyləyib. Guya azərbaycanlı hərbçi onun övladlarına atəş açmağı planlaşdırırmış.
Erməni mediası Ani və oğlunun görüntülərini də yayıb. Qadının ayağı və qolu sarıqlı, oğlunun isə bir qolu sarıqlı fotosu yayılıb. Lakin erməni hiyləgərliyi bərq vurur və hərbçimizlə bağlı "ssenari" məntiqə heç cür söykənmir. Çünki qarşı tərəfin dedikləri hətta doğru olsa belə, çox sadə sual yaranır - niyə? Yəni Nəsimi Musayev erməni uşaqlarına və onların anasına atəş açmaqda niyə maraqlı olsun?! Əgər diversiya, xüsusi əməliyyat tapşırığı olsaydı, erməni əsgərini hədəf alardı, daha o qadını və uşaqları nə üçün öldürmək istəsin?
Üstəlik, Nəsimi yolu azıb, erməni tərəfi də təsdiqləyir ki, söhbət qətiyyən əməliyyat tapşırığından getmir. Baş nazir Nikol Paşinyan isə etiraf edib ki, Musayev uzun müddət Ermənistanda saxlanmayacaq. İndi isə yeni yalanlar uydururlar, Ani Avetisyanın dilindən yalan sözlər çıxarırlar ki, guya Nəsimi onun uşaqlarına atəş açmaq istəyib. Niyə, nə üçün? Və Azərbaycan hərbçisi əsla əliyalın, dinc insanı vurmaz, üstəgəl, bir uşaqdırsa...
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ermənistan əsgərimizi qaytarmağa borcludur.
Onun fikrincə, beynəlxalq konvensiyalar bunu tələb edir. Hüquqşünas bildirib ki, Musayev barəsində açılan cinayət işi formal xarakter daşıyır və hökumət onu Bakıya təhvil verməyə tələsmir: "Çünki məsələnin hüquqi yox, siyasi tərəfi var. Paşinyan yaxşı bilir ki, əsgərimiz cinayət törətməyib. O qadının görüntüləri də şübhə doğurur. Axı heç bir məntiq və əsas yoxdur ki, əsgərimiz onu vurmaq istəsin. Eyni zamanda, mətbuat bəzi xəbərlər yayıb, onların görüşdükləri iddia olunub. Bu halda, müəyyən versiyalar yaranır. Odur ki, bu məsələ Ermənistan gündəmində siyasi problemə çevrilib. Artıq iki yüksək rütbəli şəxs postundan kənarlaşdırılıb. Həmçinin, müxalifət iqtidarı sərhədləri normal qoruya bilməməkdə ittiham edir. Bu mənada, əsgərimizin işi ermənilərin siyasi müzakirəsinə çevrilib. Paşinyanın da çıxışından belə hiss olunur ki, daxili təzyiqləri ram etmək istəyir və bu səbəbdən, bizdən möhlət istəyir. Daha sonra Nəsimi təhvil veriləcək".
Xatırladaq ki, hadisə Zəngəzurun Qarakilsə rayonu, Şaki kəndində baş verib.















