Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələr davam edir. Tarixçilər hesab edirlər ki, vahid geyim şagirdlər arasında bərabərliyin qorunmasına, ayrı-seçkiliyin qarşısının alınmasına və kollektivdə birlik hissinin güclənməsinə xidmət edir.
“Yeni Sabah” a danışan AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Nərgiz Axundova vahid məktəbli formasının şagirdlər arasında sosial və dini fərqlərin ön plana çıxmasının qarşısını aldığını bildirib.
Onun sözlərinə görə, vahid geyim qaydaları şagirdlərin eyni mühitdə bərabər şəraitdə təhsil almasına kömək edir.
“Düşünürəm kı, vahid məktəb forması şagirdlər arasındabərabərliyin, nizam intizamın və birlik hissinin formalaşdırmağa xidmət edir. Bununla da həm sosial, həm də dini fərqlər önə çıxmır.
Geyim qaydalarına əməl etmək məktəblilər arasında ayrı seçkiliyin qarşısını alır, kollektivdə hər kəsin etiqadına hörmət edilir, lakin hamı ümümi təhsil qaydalarına riayət edir. Şagirdlərin hər birinin istədiyi geyimdə məktəbə gəlməsi həm geyim üzərində rəqabətə və sosial fərqlərin qabardılmasına gətirib çıxarır, həm də ümumi nizam-intizamın qorunmasını çətinləşdirir. Valideyn bu məsələdə böyük məsuliyyət daşıyır, çünki ümumi dəyərlərə və qaydalara hörmət ilk növbədə ailədə formalaşır. Valideyn uşağına başa salmalıdır ki, vahid məktəbli forması sadəcə geyim deyil, kollektivə, yoldaşlarına və cəmiyyətə hörmət əlamətidir. Bu məsələdə ailə və məktəb vahid mövqedən çıxış etməlidirlər”, - deyə N.Axundova qeyd edib.
İnstitutun digər şöbə müdiri, tarixçi Tofiq Mustafazadə də vahid məktəbli formasının tətbiqini müsbət qiymətləndirib. O, bu ənənənin tarixən də mövcud olduğunu xatırladıb:
“Hətta çarizm dövründə də məktəblilərin vahid geyim forması olub. Vahid məktəbli formasının tətbiqi, ilk növbədə, şagirdlərdə bərabərlik hissi yaradır və onların arasında ünsiyyət qurulmasını asanlaşdırır.
Uşaqlardan biri məktəbə bahalı və bərbəzəkli geyimdə gəlirsə, imkansız ailədən olan şagirdlərdə həsəd hissi yarana bilər. Valideynlərin borcu bunu nəzərə almaqdır”.















