Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında əsas rol oynayır.
1xeber.media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, tranzit yükdaşımalarının həcmi ildən-ilə artır: "Türkmənistan müasir nəqliyyat infrastrukturuna malikdir, Azərbaycan isə öz dəniz limanına, dəmir yolu şəbəkəsinə və digər logistika obyektlərinə əhəmiyyətli investisiyalar yatırıb. Biz inanırıq ki, bu sahədə birgə səylər bütün regiona əhəmiyyətli fayda verəcək".
Bundan əlavə, nazir qeyd edib ki, Türkmənistan nefti Azərbaycan ərazisindən beynəlxalq bazarlara nəql edilir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə Türkmənistanın perspektivli neft-qaz yataqlarının mənimsənilməsi üzrə layihələrdə iştirak etməkdə maraqlıdır.
M. Cabbarov həmçinin bildirib ki, 2026-cı ilin iyul ayında Aşqabadda keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası zamanı tərəflər ticari-iqtisadi sahədə, energetika, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.
Onun sözlərinə görə, iki ölkənin əməkdaşlığı həmçinin birgə müəssisələrin və sənaye komplekslərinin yaradılması, eləcə də təbii sərvətlərin emalı üzrə layihələrin həyata keçirilməsi üçün imkanlar açır.















