33 illik ayrılıqdan sonra Süleyman Abışov doğma yurduna – Ağdərə rayonunun Heyvalı kəndinə qayıdıb.Uzun illər məcburi köçkün həyatı yaşamış 75 yaşlı Süleyman kişi ailəsi, övladları,nəvələri ilə birlikdə artıq ata-baba torpağındadır.
1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köçkün kimi illərdir Bərdədə məskunlaşmış Süleyman Abışovun doğma elə dönüşü onun illərlə qəlbində yaşatdığı arzuya çatması deməkdir. O, bir vaxtlar həsrətlə xatırladığı kənddə indi yenidən ocaq qalayıb, ailəsi ilə birlikdə həyatını davam etdirir. Süleyman kişi Heyvalıda öz təsərrüfatını da qurub. Həyətində toyuq-cücə, iri və xırdabuynuzlu heyvanlar saxlayır.
O,doğma torpaqda əib-becərməkdən, təsərrüfatını inkişaf etdirməkdən məmnundur.Süleyman kişi Heyvalının gözəl təbiətindən də sevgi və heyranlıqla danışır. Meşələri, sərin bulaqları, təmiz havası ilə seçilən kənd onun üçün sadəcə yaşayış yeri deyil, həm də xatirələrlə dolu müqəddəs məkandır.İndi bu gözəllikləri övladları və nəvələri ilə birlikdə yaşamaq Süleyman Abışovun ən böyük sevincidir. Çünki doğma yurda qayıtmaq yalnız evə dönmək deyil, həm də gələcək nəsillərə ata-baba torpağını tanıtmaqdır.

















