1xeber.media xəbər verir ki, yeni araşdırmaya əsasən, qlobal istiləşmə Sakit okeanda müşahidə olunan “Polo” qasırğasının güclənməsində El-Ninyo fenomenindən daha böyük rol oynayıb.
“Associated Press”in oktyabrın 16-da yaydığı məlumata görə, “World Weather Attribution” və “Climate Central” təşkilatlarının araşdırması iqlim dəyişikliyinin qasırğanın dağıdıcı gücünə təsirini qiymətləndirib.
Tədqiqatçılar bildiriblər ki, iqlim dəyişikliyi qasırğanın maksimal külək sürətini təxminən saatda 6 mil, El-Ninyo isə saatda 5 mil artırıb. Araşdırmada həmçinin qlobal istiləşmənin belə ekstremal şəraitin yaranma ehtimalını əhəmiyyətli dərəcədə yüksəltdiyi qeyd olunur.
Məlumata görə, okean səthində temperaturun normadan yüksək olması qasırğanın tropik fırtınadan beşinci kateqoriyalı qasırğaya cəmi 24 saat ərzində çevrilməsinə şərait yaradıb. Alimlər bu nəticələrin iqlim dəyişikliyinin güclü tropik fırtınalara təsirini anlamaq baxımından əhəmiyyətli olduğunu vurğulayırlar.














