1xeber.media xəbər verir ki, bəzi 2 avroluq sikkələr üzərində göstərilən nominal dəyərdən dəfələrlə baha qiymətə satıla bilər. Nadir buraxılışlar və zərb zamanı yaranan qüsurlar belə sikkələri kolleksiyaçılar üçün dəyərli edir.
Ən qiymətli nümunələrdən biri Monakonun 2007-ci ildə buraxdığı 2 avroluq xatirə sikkəsidir. Şahzadə Qreys Kellinin xatirəsinə həsr olunan bu sikkədən cəmi 20 001 ədəd istehsal edilib. Onun kolleksiya bazarındakı dəyəri təxminən 3 100 avro qiymətləndirilir.
Zərb zamanı yaranan qüsurlar da sikkənin qiymətini ciddi şəkildə artıra bilər. Məsələn:
“Qızardılmış yumurta” effekti olan sikkələr – 100 avroyadək;
Zərb ştampları çevrilmiş sikkələr – 200 avroyadək;
Yanlış tipli blankdan hazırlanmış sikkələr – 650 avroyadək.
Almaniyanın 2021-ci ildə buraxdığı “Saksoniya-Anhalt” adlı 2 avroluq sikkələrdən biri də istehsal qüsuruna görə diqqət çəkib. Sikkə səhvən 1 avroluq blank üzərində zərb edilib və belə nümunənin dəyəri təxminən 1 200 avro qiymətləndirilir.
Qeyd edək ki, qeyri-adi sikkə tapan şəxslərə onu təmizləmək və cilalamaq tövsiyə edilmir. Bu, sikkənin üzərində cızıqlar yarada və kolleksiya dəyərini azalda bilər. Sikkənin ölkəsi, buraxılış ili və üzərindəki təsvirlər yoxlanıldıqdan sonra onun dəyərini peşəkar numizmatika mütəxəssisi və ya hərrac evi vasitəsilə müəyyənləşdirmək mümkündür.















