Azərbaycanda "Card to card" əməliyyatlarına tətbiq edilən limitlərdən sonra bank kartlarının sayında kəskin artım müşahidə olunur. İqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın son rəsmi statistikasına əsaslanaraq bildirib ki, hökumətin qadağa siyasəti gözlənilən effekti verməyib və proqnozları tamamilə doğru çıxıb.1xeber.media iqtisadçının mövzu ilə bağlı kəskin tənqidi qeydlərini olduğu kimi təqdim edir:
“Şanlı hökumətimiz “kartdan-karta” pul köçürmələrə qadağa qoyanda açıqlama verdim ki: “İndi kartdan karta əməliyyatlarına məhdudiyyət tətbiq edərək gün ərzində 5-dən artıq ödəniş qəbul etməyə qadağa qoyublar. Nəticədə insanlar bir kart əvəzinə 8-10 kart aldılar. Kart alanların sayının artdığını gördükdə isə eyni bankdan manat hesablı debet kartının yalnız bir ədəd alınmasına icazə verdilər. İndi də bir bankdan kart ala bilməyənlər digər banklara üz tutacaqlar. Ölkədə 24 bank var, deməli, gedib başqa-başqa banklardan yenə 10-15 kart alacaqlar. Bəs nə dəyişəcək? Bir sözlə, saça kəpək düşəndə başı kəsmirlər, səbəbini tapıb müalicə edirlər”.
Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatına görə, sentyabrın sonuna Azərbaycanda 23 milyon 388 min ədəd ödəniş kartı olub. Bu, avqustun sonu ilə müqayisədə 414 min ədəd və yaxud 1,8 % çoxdur.
Yəni, bu ilin avqust ayından Azərbaycanda "Card to card" əməliyyatlarına limit qoyulması fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfə sürətlənib. Hökumətin qulaqları kəsib, sonra sayması davam edir – kəsmədən öncə dinləyin, oxuyun, nəticə çıxardın, nə olar axı?!”















