Şəkidə Qurcana Çayına İki İldə 1,5 Milyondan Çox Vəsait Ayrılıb — Tenderlərin Qalibi Eyni Şirkətdir1xeber.media xəbər verir ki,Şəki Şəhər İcra Hakimiyyəti Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının və bəndlərinin təmiri üçün növbəti dəfə irihəcmli vəsait ayırıb. Keçirilən satınalma tenderinin nəticələrinə görə, layihənin icrası üçün dövlət büdcəsindən 868 min 751 manat 87 qəpik yönəldilib və tenderin qalibi “Elşən” MMC seçilib.
Məlumatlara görə, Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının bərpası və təmiri ilə bağlı analoji tender ötən il də təşkil olunub. Maliyyə dəyəri 709 880 manat 9 qəpik olan həmin satınalmanın qalibi də məhz “Elşən” MMC olub.
Beləliklə, son iki il ərzində sözügedən çayın sahilbərkitmə və bənd təmiri işlərinə ümumilikdə 1 milyon 578 min 631 manat 96 qəpik vəsait sərf edilib. İki il ard-arda eyni layihə üzrə irihəcmli vəsaitlərin ayrılması və satınalmaların eyni şirkət tərəfindən icra olunması 2025-ci ildə görülən işlərin keyfiyyəti və dövlət vəsaitlərinin səmərəli xərclənməsi ilə bağlı suallar doğurub.
Qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı 2011-ci ildən rayona rəhbərlik edən Elxan Usubovdur.

















