1xeber.media xəbər verir ki, Rumıniya artıq Rusiya qazından asılı olmadığını və bu enerji resursu olmadan da tələbatını ödəyə biləcəyini bəyan edib.
Bu barədə Rumıniya Energetika Nazirliyinin dövlət katibi Marius Poşa bildirib. Onun açıqlamasını TASS yayıb.
Poşanın sözlərinə görə, gələcəkdə vəziyyətin necə dəyişəcəyini və hansı yeni sanksiyaların tətbiq oluna biləcəyini indidən proqnozlaşdırmaq çətindir. Lakin ölkənin və regionun mövcud qaz ehtiyatları Rumıniyanın tələbatını ödəmək üçün kifayətdir.
O vurğulayıb ki, Buxarest Ukrayna münaqişəsinin başa çatmasını gözləyərək Rusiya qazının idxalını bərpa etmək niyyətində deyil. Əksinə, ölkə gələcəkdə Rusiya qazından istifadə etməmək üçün hazırlıq görür.
Qeyd edək ki, bu ilin mayında Macarıstanın da yaxın bir neçə ildə Rusiya qazını Rumıniya qazı ilə əvəzləmək imkanlarını nəzərdən keçirdiyi bildirilmişdi.

















