1xeber.media xəbər verir ki, Almaniyanın müdafiə texnologiyaları üzrə “Stark Defence” startapı 2027-ci ilədək sualtı kabellərin mühafizəsi və Avropa İttifaqı sularında Rusiyanın kölgə donanmasının izlənilməsi üçün pilotsuz dəniz gəmisi hazırlamağı planlaşdırır.
Şirkətin rəhbəri Uve Horstmann layihə barədə konfransda danışıb.
“Vanta 24” adlandırılan pilotsuz gəminin uzunluğu 24 metr olacaq. O, raket silahları və artilleriya sistemləri də daxil olmaqla, 50 tona qədər yük daşıya biləcək. Ekipajsız rejimdə saatda 40 mildən (64 kilometrdən) artıq sürət yığması nəzərdə tutulur.
Horstmann bildirib ki, belə gəmilərin qiyməti ənənəvi freqatların dəyərinin təxminən mində birinə bərabər olacaq. Bundan əlavə, onların istehsalı cəmi bir neçə ay çəkə bilər.
Yeni gəminin Baltik və Şimal dənizlərinin sərt hava şəraitində, güclü dalğalar və temperatur dəyişiklikləri zamanı fəaliyyət göstərməsi üçün uyğunlaşdırılması planlaşdırılır.
Pilotsuz gəminin hərbi gəmiləri müşayiət etməsi, sahil ərazilərinə nəzarət etməsi və sualtı infrastrukturu qoruması nəzərdə tutulur.

















