1xeber.media xəbər verir ki, Moskva məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Anatoli Barqileviç barəsində qiyabi həbs qərarı çıxarıb. Bu barədə TASS məhkəmə materiallarına istinadən məlumat yayıb.
Barqileviç Rusiyada Cinayət Məcəlləsinin müharibənin qadağan olunmuş vasitə və üsullarından istifadə ilə bağlı maddəsi üzrə ittiham olunur. Apellyasiya instansiyası da onun barəsində çıxarılan həbs qərarını qüvvədə saxlayıb.
İstintaqın iddiasına görə, Barqileviç 2014-cü ilin aprelindən Donbas ərazisində hərbi əməliyyatlarda müxtəlif komandanlıq vəzifələrində iştirak edib. 2024-cü ilin fevralından 2025-ci ilin martınadək Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olduğu dövrdə isə həmin əməliyyatların planlaşdırılması və təşkilində rol oynayıb.
Rusiya tərəfinin iddiasına əsasən, o, tabeliyində olan hərbçilərə yüksək dağıdıcı gücə malik silahlardan istifadə ilə bağlı əmrlər verib. Bu əməliyyatlar nəticəsində mülki şəxslərin, o cümlədən uşaqların həlak olduğu və yaralandığı bildirilir.
Barqileviç beynəlxalq axtarışa verilib. Xatırladaq ki, bundan əvvəl Moskva məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş komandan müavini Oleq Neçayev barəsində də qiyabi həbs qərarı çıxarıb.

















