1xeber.media xəbər verir ki, ABŞ-da aralıq seçkilərdə qalib gələn Demokratlar Partiyası Ukraynaya hərbi yardımın bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. Bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, demokratlar yanvar ayında Konqresin hər iki palatasında nəzarəti ələ keçirdikdən sonra səsverməyə çıxarılacaq məsələləri və onların vaxtını müəyyənləşdirmək imkanına malik olacaqlar. Bu isə Ukraynaya yeni yardım paketinin təsdiqlənməsinə şərait yarada bilər.
Agentliyin həmsöhbətləri hesab edirlər ki, Kiyevə yardım təşəbbüsü prezident Donald Trampın vetosunu aşmaq üçün tələb olunan üçdə iki səs çoxluğunu da toplaya bilər. Demokratların köməkçiləri Ukraynaya dəstəyin partiyanın əsas prioritetlərindən biri olduğunu bildiriblər.
Məlumata əsasən, demokratlar ABŞ-ın xarici siyasətində daha dörd istiqamətdə dəyişiklik etməyi də nəzərdən keçirirlər. Bunlara İsrailə hərbi yardımın tam dayandırılması, hərbi xərclərin məhdudlaşdırılması, Latın Amerikası siyasətinə nəzarətin gücləndirilməsi və İranla münaqişənin dayandırılması daxildir.

















