Hər yay və ya bayram tətili gələndə bizdə eyni ssenari təkrarlanır. Elə bil millət olaraq gizli bir ayinimiz var: "Bu il xaricə getmirəm, öz rayonlarımıza gedib təmiz hava alacam" deyib yola çıxırıq, amma üçüncü günün tamamında özümüzü oteldə kalkulyatorla küncə qısılmış vəziyyətdə tapırıq.Gəl sənə məsələnin riyaziyyatını öz dilimizdə, olduğu kimi açım.
Rayonlarımızda sadə bir 2 günlük istirahət, heç bir xüsusi lüksü olmayan bir oteldə və ya kottecdə, bəli, düz eşitdin, Antalyanın və ya Tbilisinin 5-7 günlük tətili ilə baş-başa gəlir, hətta bəzən bizim rayonlar qalib gəlir! Adam yerindəcə donub qalır. Elə bil Qəbələdəki o sıradan otel otağının havasını bizə yox, birbaşa Alp dağlarından gətirib otağa doldurublar. Ya da İsmayıllıdakı o samovar çayının suyunu xüsusi olaraq kosmosdan gətizdiriblər.
Səhər durursan, sənə "milli səhər yeməyi" adı altında iki dilim rəngi qaçmış pendir, bir az şor və keçən həftədən qalan bayat çörək verirlər. Amma hesaba baxırsan – elə bil səhər yeməyində quş südü ilə bəslənmiş bülbül kababı yemisən.
Yaxşı, bəs niyə belədir? Bu bahalığın kökündə nə dayanır?
Bunun bir neçə "məntiqi" (əslində absurd) səbəbi var
"Mövsüm ticarəti" zehniyyəti: Bizim bəzi işbazların biznes planı belədir: "Onsuz da ilin 3 ayını işləyirəm, gəl elə qiymət qoyum ki, qalan 9 ayı Londonda yaşaya bilim." Adam fikirləşmir ki, qiyməti normal etsə, camaat bura qışda da gələr, payızda da. Yox, elə bilirlər istirahət bəşəriyyətə tək bir dəfə verilir, onda da bizim cibimizi tam boşaltmalıdırlar.
Alternativsizlik və rəqabətsizlik: Rayonlarda ortabab, təmiz və cibəuyğun yerlərin sayı o qədər azdır ki! Ya çox bahalı beşulduzlu otellərdir, ya da "şəraiti həyətdə olan" köhnə evlər. Ortası yoxdur. Rəqabət olmayanda da, adam otelinə elə bir qiymət qoyur ki, elə bil Parisin mərkəzində Eyfel qülləsinə baxan eyvandan danışırıq.
"Bizimkilər onsuz da verəcək" arxayınlığı: Biz də bir az günahkarıq axı. Şənbə-bazar olan kimi hamı eyni rayona axışır. Tələb təklifi üstələyir. İş adamı da baxır ki, otağı 200 manata da qoysa tutulur, 300 manata da. Niyə aşağı etsin ki?
İlahi, mən bəzən düşünürəm: görəsən bizim bu turizm sektorunun ruhlar aləmində nə günahı olub ki, onları götürüb bu gözəl təbiətin içinə atıblar, amma vizyon tərəfini yaddan çıxarıblar?
Nəticədə nə baş verir? Qubada iki gün qalıb kabab yeyən həmşəhrimiz, növbəti tətil planında Şarm əş-Şeyxin, Tbilisinin, ya da İstanbulun biletlərinə baxır. Çünki hesbama aparanda görür ki, xaricə gedib təyyarəyə minsə, fərqli mədəniyyət görsə, cibindən daha az pul çıxacaq. Bizim daxili turizm isə hələ də "Gəl bura, görüm cibində nə var" prinsipi ilə işləməyə davam edir.
Aidə Tofiqqızı
1xeber.media

















