ABŞ-ın vitse-prezidenti Cey Di Vens Konqres seçkilərində Respublikaçılar Partiyasının uğursuzluğuna görə İranla müharibə qərarını məsul tutub. Bu addım onun prezident Donald Trampdan siyasi baxımdan ilk dəfə məsafə saxlamaq cəhdi kimi qiymətləndirilir.
1xeber.media xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vens Respublikaçıların seçkilərdəki məğlubiyyətinin səbəblərini izah edən 614 sözdən ibarət açıqlamanı şəxsən hazırlayıb. O, həmin bəyanatı dərc etməzdən əvvəl Ağ Ev rəhbərliyini məlumatlandırıb. Ağ Evin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, Tramp bu açıqlamaya etiraz etməyib.
“Politico” qeyd edir ki, bu, Vensin seçkilərdən sonra Trampın dəfələrlə müdafiə etdiyi İran müharibəsindən məsafə saxlamaq istiqamətində ilk cəhdidir. Nəşrin mənbələri hesab edir ki, vitse-prezident bu yolla özünü müstəqil siyasi fiqur kimi təqdim etməyə çalışır.
Məqalədə vurğulanır ki, Vens MAGA hərəkatının gələcək lideri kimi mövqeyini gücləndirmək və müharibəyə qarşı olan seçicilərin dəstəyini yenidən qazanmaq niyyətində ola bilər.

















