Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu davam etdirmək üçün Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məcburiyyətində qalacağını bəyan edib.
1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, ölkənin hazırda Aİİ-dən çıxmaqdan başqa seçimi yoxdur. Paşinyan qeyd edib ki, Ermənistan 2027–2028-ci illərdə Avropa İttifaqına üzvlük prosesinin başlanması üçün rəsmi müraciət etməyə yaxınlaşır. O, Moskvanın xəbərdarlıqlarına baxmayaraq, Yerevanın Avropa ilə yaxınlaşma kursunu dəyişməyəcəyini vurğulayıb.
Ermənistan hökumət başçısı Aİİ-nin ölkənin təşkilatdan çıxmasının iqtisadi nəticələrinə dair hesabatının bəzi müddəaları ilə də razılaşmadığını bildirib. Paşinyanın fikrincə, sənəddəki proqnozlar və mümkün iqtisadi itkilərlə bağlı qiymətləndirmələr şişirdilib. O, Yerevanın hesabatla bağlı etirazlarını yaxın vaxtlarda təqdim edəcəyini söyləyib.
Rusiyadan Ermənistana xəbərdarlıq
Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Qriqori Karasin isə Ermənistanın həm Avropa İttifaqında, həm də Aİİ-də üzv kimi qalmasının mümkün olmadığını bildirib.
Karasinin sözlərinə görə, Paşinyan yaxın gələcəkdə yekun seçim etməli və bu qərara görə ölkə vətəndaşları qarşısında məsuliyyət daşımalı olacaq.
Rusiya rəsmisi Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunun ölkə üçün ciddi çətinliklər yarada biləcəyini iddia edib.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə Aİİ-də iştirakını dondurmaq qərarına gəlib. Bununla belə, ölkə hələ də təşkilatın üzvüdür.

















