
Avropa İttifaqı Ukraynaya dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsi və təcili hərbi ehtiyacların qarşılanması üçün 4,36 milyard avro məbləğində yeni maliyyə yardımı ayırıb.
1xeber.media xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında məlumat dərc olunub.
Yardım paketinin 3,7 milyard avrosu 2026-cı il üzrə makromaliyyə dəstəyinin ikinci tranşı, 658 milyon avrosu isə müdafiə ehtiyacları üçün nəzərdə tutulub.
Müdafiə məqsədli vəsaitin pilotsuz uçuş aparatlarının, raketlərin, radar stansiyalarının, radioelektron mübarizə sistemlərinin və hava hücumundan müdafiə vasitələri üçün döyüş sursatlarının alınmasına yönəldiləcəyi bildirilir.
Avropa Komissiyasının məlumatına görə, Ukrayna ikinci tranşı əldə etmək üçün qarşıya qoyulan 12 şərtin hamısını yerinə yetirib. Bu şərtlərə daxili gəlirlərin artırılması, büdcə planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində islahatlar və gömrük sistemlərinin modernləşdirilməsi daxildir.
Bildirilib ki, Avropa İttifaqı 2026-cı ilin qalan hissəsində Ukraynaya əlavə 25,2 milyard avro maliyyə dəstəyi ayırmağı planlaşdırır. Bu vəsaitin 11,9 milyard avrosu Ukraynanın müdafiə sənayesi potensialının inkişafına, 9 milyard avrosu isə büdcə xərclərinin dəstəklənməsinə yönəldiləcək.

















