İtaliyanın Baş naziri Corcia Meloni Avropa İttifaqının Ukrayna ilə bağlı sülh danışıqlarında bütün birliyi təmsil edəcək vahid nümayəndə təyin etməsi məsələsinin müzakirəyə çıxarılmasını istəyib.
1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Meloni hesab edir ki, Avropa İttifaqının müxtəlif nümayəndələr və fərqli formatlar vasitəsilə danışıqlarda iştirak etməsi qurumun mövqeyinin əlaqələndirilməsini çətinləşdirir və onun etibarlılığına xələl gətirir.
İtaliya hökumətinin başçısı bildirib ki, Avropanın vahid mövqedən çıxış etməməsi müharibənin davam etməsini istəyən qüvvələrin maraqlarına xidmət edir. O, insanların həyatının və Avropanın təhlükəsizliyinin gələcəyinin müzakirə mövzusu olduğu bir vaxtda belə vəziyyəti qəbuledilməz adlandırıb.
Meloninin fikrincə, Ukrayna üzrə sülh prosesində Avropa İttifaqının daha yaxşı koordinasiyaya ehtiyacı var. Vahid danışıqçının təyin edilməsi birliyin danışıqlardakı mövqeyinin daha aydın ifadə olunmasına imkan verə bilər.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması üçün səylər göstərdiyini, Avropanın isə böhranın gərginləşməsinə töhfə verdiyini iddia etmişdi.

















