8 Noyabr – Zəfər Günü münasibətilə Laçın rayonunda “Böyük qayıdışın Zəfər bayramı” adlı təntənəli konsert proqramı təşkil olunub.
1xeber.media xəbər verir ki, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.
Konsert proqramında hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Bayram tədbiri “Lacinema” kino mərkəzində Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Qələbənin xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib.
44 günlük Vətən müharibəsində nümayiş etdirilən milli birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs edən çıxışda şəhidlərin xatirəsinin daim uca tutulmasının, qazilərin fədakarlığının ehtiramla yad edilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova da çıxış edib. O, tarixi Zəfərin xalqımızın milli birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümü olduğunu qeyd edib, Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin yaşadılmasının hər kəsin mənəvi borcu olduğunu bildirib.
Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Musiqili çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.















