
1xeber.media xəbər verir ki, Azərbaycan, ABŞ və Ermənistan arasında TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi istiqamətində yeni mərhələyə başlanılıb. Üç ölkə layihənin texniki planlaşdırılması məqsədilə birgə işçi qruplarının fəaliyyətə başladığını açıqlayıb.
Məlumata görə, işçi qruplarının yaradılması ilə bağlı prosesdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Brendan Hanrahan, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan iştirak ediblər.
İlkin mərhələdə iki əsas istiqamət üzrə texniki qrupların yaradılması razılaşdırılıb. Bunlardan biri nəqliyyat əlaqələrinin inkişafını, digəri isə elektrik enerjisinin ötürülməsi məsələlərini əhatə edir.
Tərəflərin birgə bəyanatında bildirilib ki, yaradılan qruplar mürəkkəb texniki məsələlərin həllinə, regional infrastrukturun əlaqələndirilməsinə və layihənin növbəti mərhələlərinə keçidə kömək edəcək.
Qeyd edək ki, TRIPP layihəsi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional bağlantıların gücləndirilməsi baxımından əhəmiyyətli təşəbbüs kimi təqdim olunur.
















