1xeber.media xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiko 2003-cü ildə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələrinin saxtalaşdırıldığını iddia edib.
Fikonun sözlərinə görə, referendumda səslərin hesablanması zamanı fərq olduqca az olub. Baş nazir hesab edir ki, Slovakiyanın Avropa İttifaqına daxil olmasını təmin etmək məqsədilə nəticələrə müəyyən düzəlişlər edilib.
O, həmçinin Avropa İttifaqının bəzi üzv ölkələrinin Slovakiyanı Ukraynaya yeni kredit ayrılmasını dəstəkləmədiyinə görə maliyyə vəsaitlərini azaltmaqla hədələdiyini bildirib.
Fiko belə təzyiqlərin nəticə verməyəcəyini və Bratislavanın öz mövqeyindən geri çəkilməyəcəyini vurğulayıb.
Baş nazir daha əvvəl Avropa Komissiyasının Rusiya neftinin alınmasına mümkün qadağasına qarşı çıxmağa və belə bir qərarı mübahisələndirməyə hazır olduğunu açıqlamışdı.
Qeyd edək ki, Slovakiyada Aİ-yə üzvlüklə bağlı referendum 16-17 may 2003-cü ildə keçirilib. Rəsmi nəticələrə əsasən, səsvermədə iştirak edənlərin 92,46 faizi ölkənin Avropa İttifaqına qoşulmasını dəstəkləyib. Referendumda iştirak səviyyəsi 52,15 faiz olub. Slovakiya 1 may 2004-cü ildə Aİ-yə üzv qəbul edilib.
Fikonun referendumun nəticələrinin saxtalaşdırılması ilə bağlı iddiasını təsdiqləyən sübut isə təqdim olunmayıb.
















