1xeber.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsində yeni inqilabların baş verməməli olduğunu bildirib.
Lukaşenko Oktyabr inqilabının ildönümü ilə bağlı danışarkən Belarusda yeni inqilabların təkrarlanmasını istəmədiyini vurğulayıb.
“İnqilablar üçün limit çoxdan bitib. Mən inqilab tərəfdarı deyiləm və tarixçi kimi bunun ölkəmizdə yenidən baş verməsini istəmirəm”, – deyə Belarus lideri bildirib.
Dövlət başçısı eyni zamanda 1917-ci il hadisələrinin Belarus üçün müstəqillik əldə etmək imkanı yaratdığını qeyd edib. Onun sözlərinə görə, həmin tarixi proseslər nəticəsində yaranan imkanlar sonradan ölkənin müstəqilliyinin reallaşmasına gətirib çıxarıb.
Qeyd edək ki, Oktyabr inqilabının ildönümü Belarusda hələ də rəsmi bayram kimi qeyd olunur.
Xatırladaq ki, Aleksandr Lukaşenko daha əvvəl Ukraynadakı münaqişənin gərginləşməsinin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Bununla yanaşı, Belarus Prezidenti yaxın aylarda hərbi əməliyyatların başa çatacağına ümid etdiyini bildirmişdi.
















